Nazirlər Kabineti yanında Terminologiya Komissiyası tərəfindən uyğunsuz şəxs adları müəyyən olunub!
Belə ki, komissiyanın hazırladığı Azərbaycan dilində şəxs adları lüğətinə daxil edilməyən adlar açıqlanıb.
Komissiyasının sədr müavini Sayalı Sadıqova bildirib ki, yeni şəxs adları lüğəti hazırlanarkən Nazirlər Kabinetinin 12 may 2011-ci il 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” rəhbər tutulub. Həmin Qaydaların 1.4-cü bəndində qeyd olunub ki, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir.
Sədr müavini bildirib ki, Azərbaycan dilində şəxs adları lüğətinə Ədliyyə Nazirliyində saxlanılan, indiyə qədər şəxs adları ilə bağlı çap olunan lüğətlərdəki seçmə, daha yaxşı adlar daxil edilib.
Daha sonra bildirilib ki, lüğət çap olunandan dərhal sonra “ASAN xidmət” mərkəzlərinə göndəriləcək.
Sayalı xanım qeyd edib ki, şəxs adları lüğətinə 5000-ə yaxın ad daxil edilib.
Sayalı Sadıqova Terminologiya Komissiyasında hazırlanmış Azərbaycan dilində şəxs adları lüğətinə daxil edilməyən 217 adı da açıqlayıb.
Həmin adlar bunlardır:
Ansambl, Alak, Boran, Bədil, Bircan, Bəzək, Əbabil, Əyar, Əyyar, Əbi, Əda, Əcəb, Əbiş, Əhya, Ələs, Əlim, Əmanət, Ərəb, Ərçə, Əyalət, Əyal, Ətir, Dəxil, Dalğın, Dilənçi, Dəfinə, Cicigül, Cərulla, Cığa, Cazibə, Carçı, Camo, Canrübə, Canəssa, Cılğız, Çervon, Çələng, Düymə, Fağır, Fərmayiş, Faiz, Fakir, Fani, Fatı, Fəti, Gerçək, Gorus, Güldan, Gülməşəkər, Hambal, Haqq, Həddad, Həkkak, Həmdəm, Həmzat, Xadim, Xeyirxah, Xınalı, Xülqi, İstək, İşıqlı, Ehsan, Katib, Kazbek, Keştazlı, Kiçik, Kimyagər, Kişmiş, Kobar, Kosa, Kotal, Qocaman, Quşdan, Limonad, Portağal, Şüşəbənd, İstəkan, Türmə, Tutma, Kolxoz, Sovxoz, Komsomol, Traktor, Mayor, Meyvə, Məmiş, Mutu, Nahaq, Nakam, Narbuğda, Narkom, Naynay, Naznay, Nazsəhər, Nənə, Nəşə, Nənəş, Nuh, Nuhu, Nurbuğda, Nurmeyvə, Nurnar, Nuruş, Oxçu, Oktaedr, Oktaş, Oktürk, Okuş, Ordu, Ovçu, Padar, Padər, Pakay, Paksoy, Palavand, Pambıq, Parlaq, Payız, Paynaz, Payzər, Pekşən, Pektürk, Peykər, Pişnamaz, Prikaz, Pullu, Pulluzər, Rakit, Rayət, Raykom, Rəftar, Rəğbət, Rəyasət, Ruzbeh, Saat, Saatzər, Sabah, Salamat, Salavat, Saniyə, Saylı, Sədr, Səməni, Səndəlxatun, Səngər, Sərxoş, Səviyyə, Səyahət, Sınaq, Sırğa, Sırğagül, Sofu, Solğun, Sonamö, Soraq, Sovet, Soyuz, Şəkil, Şənlik, Şərqli, Şubay, Şura, Tafta, Talış, Tanıq, Tanrıqulu, Taray, Tarif, Tarzən, Tayfun, Teley, Telıx, Tello, Teloş, Telşan, Təbib, Təbiət, Təbrik, Təhsil, Təqdim, Təqdir, Tənha, Təpər, Tərəqqi, Təşəkkül, Təşəkkür, Təzə, Tiflis, Tiflisə, Tila, Tinə, Toylu, Tövsiyyə, Tufan, Tumar, Tükən, Uçqun, Ufaq, Urvat, Usta, Ustad, Utku, Uyar, Üqba, Ümeyya, Ünvan, Vilan, Vladlen, Vlas, Volodya, Yaraşıq, Yelizar, Yolçu, Yonca, Yüzbaşı, Zalikə, Zemkom.
Çox dərinə girməyəcəm. Amma qalın şriftlə qeyd edib, altından xətt çəkdiyim adlarla bağlı mənim hörmətli Sayalı xanıma və onun rəhbərliyi altındakı kollektivə bir para suallarım var:
Boran, Tufan – Bu adların nəyi pisdir ki?! Hər hansı neqativ də yoxdur. Konkret təbiət hadisələrini əks etdirirlər. Bu məntiqlə başqa bir təbiət hadisəsi olan Jalə adını da çıxarın siyahıdan.
Dəfinə – O zaman Almaz, Brilyant kimi adları da yığışdırın. Hətta Hikməti də.
Cazibə – O zaman Nazənin, Gözəl kimi analoji adlara da veto gəlsin!
Padar – Ən çox buna güldüm. Özü də laap qəhqəhə çəkib. Birncisi, övladına Padar adı qoyan adam barmaq sayıdır. İkincisi və ən əsası isə bu boyda komitədə yəni bir tarix bilən olmadı ki, Padar tayfalarının tarixi missiyası barədə məlumat versin?! Tarixi kökləri hansısa formada yaşadacaq adlardan niyə imtina edək ki?
Sabah – Onda Gündüz adını da qadağan edək. Ya lüğətdən çıxaraq. Fərqi yoxdur. İndi qadağan etməsələr də bir gün deyəcəklər ki, OLMAZ!
Tayfun – Qardaş Türkiyədə çox sevilb yayğın olan bu ad bizdə niyə “non-grata” elan olunub, anlaya bilmədim.
Təbib – Həkim sözü, insanlara şəfa verən birini anladan bu söz niyə uyğun görülməsin ki? Bu ad mənaca Həkim və Loğman adlarına yaxındır. Onda bu adların da başında qara buludlar dolaşır həə?
Nuh – Peyğəmbər adları qadağandırsa, onda Məhəmməd, İsa, Davud, Musa, Süleyman, Yunis, İbrahim, İsmayıl kimi adlar da qadağan olunsun.
Yolçu – Yolçu yolu ilə gedən biridir. Əgər camaat arasında kimsə bunu dilənçi adlandırırsa, bu, dilin problemi deyil. Bu “vedrə”lərin hesabınadır ki, dilimiz gündən günə söz itkisinə məruz qalır. Əgər belə alt mənalar axtarırsınızsa, həmin məntiqə uyğun olaraq dilimizdən çıxarılacaq sözləri təklif edirəm: şey, nəşə, çalmaq, quş, kəpənək, şirinlik, hörmət, görüm-baxım və s.
Bəli, bizim dil məmurlarının uyğunsuz şəxs adları hesab etdkləri adlar siyahısında belə-belə adlar var…
Yazsam çox şey yaza bilərəm. Amma nə yazım ki?! Yazdıqlarım kimə lazımdır ki?! Onsuz da fikirlərimizin çoxları üçün heç bir dəyəri yoxdur…