Real-time marketing haqqında real söhbət
Real-time marketing haqqında bu yazının yazılma səbəbi son günlərdə real olaraq baş verməkdə olan bir hadisədir. Artıq bir həftədir ki, ölkənin gündəmini məlum şortik qalmaqalı tutub. Hamı bundan danışır. Məlum fikrə etiraz edən kim, “kislota” axtaran kim, aksiya etmək istəəyən kim, flashmob təşkil edən kim…
Bir sözlə, şortik çevrilib ölkənin əsas probleminə. Məhz bu məsələ, özlüyündə bir bazar imkanı yaratdı. Və bu imkanı çox müsbət haldır ki, dəyərləndirənlər də tapıldı. Özü də çox səliqəli şəkildə. Halal olsun!
Ölkənin böyüyən şəbəkələrindən biri olan KONTAKT HOME özünün onsuz da davam edən aksiyasına yeni bir ruh verərək onu gündəmə uyğunlaşdırdı. Bax bu, əsl real-time marketing hesab oluna bilər.
Düzdür buna ağız büzənlər də olacaq, tənqid edənlər də. Yekunda kampaniya mütləq şəkildə uğurludur!
20% endirim əldə etmək üçün ora şortiklə o qədər çox adamın gələcəyinə inanmıram. Bəlkə də, yanılıram. Əsl həqiqəti satış rəqəmləri deyəcək. Lakin bu özünü cari kampaniya üzrə satışda göstərməsə də, kampaniya yenə də, uğurludur.
Niyə uğurludur? Fikirlərimi paylaşmaq istərdim:
- Ona görə ki, kampaniya müzakirə mövzusuna çevrildi və xəbər sürətlə sosial şəbəkələrdə yayıldı. Deməli kampaniya barədə awareness (məlumatlılıq) səviyyəsi artdı;
- Çox xırda büdcə ilə böyük auditoriyaya çıxış əldə edildi. Başqa vaxt kampaniya xəbərini pulla yayımlayacaq resurlar indi onu pulsuz, “mırta” tirajladı və tirajlamaqdadır. Real-time marketingin gücü də elə bundadır;
- Kampaniya haqqında daha çox adam bildiyi üçün insanların bir qismi istər-istəməz mağazalara baş çəkəcəklər. Onların bir qismi heç nə almasa da beynində gələcək alışlar üçün informasiya saxlayacaq. Bir qismi kampaniyadan yararlanıb şortiklə alış-veriş edəcək. Başqa bir qismi isə elə-belə, şalvarla ora gəlib nəsə alacaq. Əlbəttə ki, burda satış personalı həlledici rol oynayacaq;
- Kampaniya haqqında daha çox danışılmaları təmin etmək mümkündür. Bunu isə gələn həftə kampaniyaya impuls verəcək nələrisə etməklə təmin edə bilərlər. Necə etmək olar? Bu kampaniyanı düşünən onu da düşünər. Ehtiyac olsa, kömək edərik 🙂 ;
- Kampaniyaya qarşı məlum “şortik qalmaqalı”nı yaradan adamın reaksiyası gözləniləndir ki, bu da ilk baxışdan problem kimi görünsə də, əslində virallığı genişləndirmək üçün bir fürsətdir;
- Bu kampaniya nəticəsində insanların nəzərində KONTAKT HOME çevik və insanlara yaxın şirkət imicini möhkəmlədir. Gələcək satışlar üçün zəmin hazırlayır;
- Şirkətin gələcəkdə atacağı cəsarətli kommunikasiya metodları insanlar tərəfindən normal qəbul olunacaq. Çünki artıq bu stereotip sındırılıb!
Zərərləri barədə heç nə demək istəmirəm. Heç lazım da deyil. Marketinqdə istənilən məntiqli fəaliyyət xeyirlidir. Zərərli olan fəaliyyətsizlikdir. Necə ki, ölkənin əksər şirkətləri bu dəqiqə bu fəaliyyətsizliklərinin zərərini yaşayırlar. Ayılsalar yaxşıdır! Unutmayaq ki, sabit xərclər mövcud olduğu halda dəyişən xərclərdə qənaət etməyin sonu yoxdur…
Sonda mənim KONTAKT HOME üçün ayrıca bloq yazısı hazırlamağım da onlar baxımından Real-time marketingin müsbət yan təsirlərindəndir. Mənim özüm üçünsə əsl Real-time marketingdir 🙂
Yeri gəlmişkən, əsas imicdəki şortik svetoforudur. Təzəlikcə kəşf etmişəm 🙂