November 28, 2024

Fikirlərim

Burdakı fikirlərim ən müxtəlif zamanlarda sosial mediada status kimi yazdıqlarımdandır…

İçinizdən bəziləri bu fikirləri bəyənəcək, bəziləri isə boş sözlər adlandıracaq…

Hər birinizin fikrinə hörmət edirəm. Düşündükləriniz və dedikləriniz Sizin fikirlərinizdir. Mən isə öz fikirlərimi artıq yazmışam. 🙂

2020

  • İnsanlar kimi fürsətlər də müxtəlifdir. İnsan dəyərləndirə bildiyi fürsətin bir fürsət olduğunun çox vaxt fərqinə varmır. Bunu ya illər sonra anlayır, ya da heç anlamadan ölür. Amma dəyərləndirə bilmədiyi hər fürsəti yaxşı xatırlayır. Bəzən o fürsət əslində heç fürsət olmasa belə… (C)

 

2019

  • Fikir yoxluğun övladıdır… (C)
  • İnsanın ən böyük ustadı onun səhvləridir (C)

 

2017

  • Sən həyatın üzünə gülməsən, həyat sənin üzünə gülməz! (C)
  • Mən həyatdan öyrənirəm, həyat məndən! (C)
  • Naşının aşını yeyib özünün başını yemə! (C)

 

2016

  • Həyatı yaşamaqla həyatda yaşamaq tamamilə başqa-başqa şeylərdir! (C)
  • Cahilin fahişəsinin edəcəyi bir yerə qədərdir, Allah bizi alimin fahişəsindən qorusun! (C)
  • Söz verməməyə çalışan insanlara daha çox güvənin! Çünki onların çoxu sonradan yalançı çıxmamaq üçün söz verməkdən yayınırlar. Əksinə, dəqiqəbaşı “problem yoxdu!” deyən insanların isə çox vaxt “problemi çıxır”. (C)
  • Bir var internatda böyümək, bir də var internetdə böyümək. Hər ikisində də bir ümumi cəhət var: uşağa valideynlər yox, başqaları nəzarət edir. (C)
  • Beyinlər böhrandan çıxmadıqca ölkə böhrandan çıxmaz! (c)

 

2015

  • Günəş onu gözləyənlər olmasa, doğmaz! (C)
  • Dəyərin dəyməz olduğu bir dövrdə yaşayırıq… (C)
  • İnsanların çoxu ona görə xoşbəxt ola bilmir ki, hər zaman bədbəxt olmağa köklənib və daim itirdikləri ilə qazandıqları arasında itirdiklərinə daha yaxın məsafədə dayanıb. Hər zaman itirdiklərinin qazandıqlarından çox olduğunu düşünür. Sadalamağa başlasa, qazandıqlarının içindən unutduqları olacaq, itirdiklərinin içindən isə heç birini unutmayacaq. Çünki insan eqoistdir, maddiyyatçıdır və daim başqalarının pulunu sayır… (C)
  • Daşı qaldırmağa cəhd etməsən onun ağırlığı barədə fikir yürüdə bilməzsən! (C)
  • Fikir fikrin düşmənidir! Hər yeni fikir bir köhəni əzərək və ya öldürərək yaranır… (C)
  • Biz o millətik ki, hər qaranlıqda bir işıq axtarmaq əvəzinə, hər işıqda bir qaranlıq axtarırıq. Ona görə də bizim taleyimizlə bağlı qərarları həmişə işığı axtarıb işığı görənlər verir. Yüzillərdir bu, belədir… (C)
  • Bəzən… Yaxşı ki, “bəzən” sözü var. Kiminin fikrini tamamlayır, kimini də romantik göstərir… (C)

2014

  • Həyat təcrübəsi artdıqca gücün nisbi anlayış olduğuna hər an daha çox əmin olursan… (C)
  • Reklamın erkəyi, dişisi olmaz! (C)
  • Praktikasız nəzəriyyə gülləsiz silah kimidir (C)
  • Həyata başqa gözlə baxmaq üçün gözlərə linza taxmağa gərək yoxdur! (C)
  • Həyat düşündüyün qədər ciddi deyil, amma düşündüyündən daha amansızdır! (C)
  • Əldə olunan hər uğurun arxasında bir qurban dayanır… (C)

2013

  • Reklam agentliyində yaranan ən gözəl fikirlərin çoxunun son ünvanı zibil qabıdır… (C)
  • Texniki fənnlər insan üçün yeməkdir, humanitar fənnlər isə paltar. Onlardan biri olmadıqda insan ya tox çılpağa, ya da ac modabaza oxşayır (C)
  • Heç vaxt ödəyə bilməyəcəyimiz bir kreditə girmişik: Zaman kreditinə…
    Arayışsız, Zaminsiz, Müddətsiz lakin həyatımızı GİROV qoyaraq… (C)
  • Diqqətli olsan, istənilən işi bitirərsən.
    Diqqətli olmasan, istənilən iş səni bitirər! (C)
  • İnsan yemək istədiyi qədər götürür, lakin yeyə bildiyi qədər yeyir. Ona görə də, öhdəsindən gəlməsi mümkün olmayan işlərə girənlərin taleyi çox yeyib çatlayanların taleyinə bənzəyir… (C)
  • Zəka susarsa, vaxt qaçar! (C)
  • Zaman ən tez itirilən və qazanılması mümkün olmayan sərvətdir. (C)

2012

  • Nədənsə hər kəsi ağ səthin ağlığından çox onun üzərindəki iynə ucu qədər qara nöqtə maraqlandırır… (C)
  • İnsan ən dəyərsiz varlıqdır. Çox hallarda o, əşyalardan belə dəyərsizdir… (C)

2011

  • Ən asan şey xalqın adından danışmaqdır. Bunu hamı edə bilir. Çünki xalq heç vaxt demir ki, mən elə deməmişəm, yalan danışma! Acı gerçəkdir! (C)