November 28, 2024
KoraneVirus

Koranə Virus

Koranə Virus: COVID19… 3-cü dünya müharibəsi… yeni dünya düzəni

Son 3 həftədir ki, ümumişlək adı KORONAVİRUS olan COVID19 virusu dünyanın gündəmini hər gün daha çox məşğul edir. Hər gün bu virusa yoluxma tempi də artır, ölən sayı da. Əgər martın ortalarında hər gün əlavə 5-6 min yoluxma, 100-200 ölüm faktı var idisə, bugünlərdə (26-27 mart) hər gün 100 000 civarında yoluxma və 5-6 min ölüm faktı qeydə alınır. Yoluxma sayı sürətlə milyona yaxınlaşır.

Öncə Çində yayıldı, sonra İran və Avropada. İndi Çin səngiyib Avropa pikə çatır, ABŞ yüksəlişdədir. Bir azdan Avropa və İran səngiycək, ABŞ pikə çatacaq, Hindistan yüksələcək. Hələ mən Türkiyə, İndoneziya. Braziliya və Banqladeş, Pakistan kimi ölkələri demirəm…

Yəqin ki, aprelin 25-dək yoluxma, 3-5 milyona çatacaq. Sonra isə hələlik səngiyəcək…

Bəs COVID19 niyə belə sürətlə yayıldı? Onun sonrakı nəticələri nə olacaq?

Bu barədə hər yerdə fərqli fikirlər yazılıb, yazılır və yazılacaq da…

Mən isə bu məsələyə 5 istiqamətdən baxmaq istərdim: Geopolitik, Tibbi, İqtisadi, Sosial-mənəvi və Etnik

Bu mərəz 2-14 gün ərzində özünü büruzə verən, sürətlə insanlar arasında yayıla bilən, zəif orqanizmləri öldürə bilən bir qatil virusdur. Bu virusla bağlı İranda ilk yoluxmalar başlayanda və 1-2 gün içində İtaliyaya da sıçrayanda mən bunun bir bioloji silah olduğu barədə təxminlər irəli sürmüşdüm. Amma indi bu fikri məncə çox adam təsdiqləyir. Yəni, baş verənlər artıq bunu danılmaz edir.

Bioloji silah insan müdaxiləsi ilə yaradıldıqda çox daha təhlükəli olur. Çünki vaksin tapılması uzanır. Vaksin tapılması da ona görə uzanır ki, mənşəyi dəqiqləşdirmək olmur.

Bəs bunu etmək kimə lazım idi sualına cavab axtarsaq məsələnin bu 5 aspektinə birlikdə baxmaq lazım olacaq.

Dan Brown-un məşhur “İnferno”sunu oxuyanlar bilir. Orda Bertrand Zobrist adlı bir milyonçu-alimin bir virus yaratmasından və bu virusu dünyaya yaymaq istəməsindən söhbət gedir. Əsərdə virus İstanbuldakı Yerebatan Sarnıcından dünyaya yayılır. Əsərin film hissəsində isə bunun qarşısını alan xoş Hollywood sonluğu olur. Sona yaxın məlum olur ki, bəhs edirlən virus ixtiyari seçmə ilə dünyada hər 5 nəfərdən birində sonsuzluq yaradır. Virusun yayılmasında da məqsəd o idi ki, dünyada əhali artımını tənzimləmək mümkün olsun. Yəni, maltusçu yanaşma.

COVID19 da daha çox orqanizmi xəstə olan insanları öldürür. Nasistlərin xəstə doğulan uşaqları məhv etmələri kimi… Bu kimə sərf edir? Həyat sığortası edib xəstə adamlara görə xərc çəkən sığorta şirkətlərinə. Dünyada sığorta işinin sahibləri kimlərdirsə, onlara. Çünki təkrarsığorta prosesi ilə dolayısı ilə onlar bu vəziyyətdən çox qazanacaqlar. Həyat sığortasında risk faizi ciddi dərəcədə azalacaq.

Böyük əczaçılıq şirkətlərinə. Onsuz da xəstə olan və bəlli ehtiyat fondları (nağd yığım, depozit) olan yaşılılar (xüsusilə, Avropalılar) daha çox yaşamaq üçün onlara sırınacaq olan COVID19 əleyhinə cürbəcür dərmanları alacaqlar.

2011-ci ildə istehsal edilmiş “Contagion” (Yoluxma) adlı bir film də var. Mövzu bugünümüzə çox bənzərdir.

Hollywood-un ABŞ-ın beyin mərkəzlərinin bir ön PR aləti olduğunu bugünkü günümüzdə heç kim inkar etməz. İnsanlar bugünkü filmlərlə sabaha hazırlanır. Kosmosda qurulacaq koloniyalarla bağlı “Elysium” filmini və bunun kimi daha neçə film görmüsünüz. İnsan bədəninə çiplərin yerləşdirilməsi ilə bağlı filmlər hələ 20 il qabaq çıxmışdı. Bu gün isə bu, artıq reallıqdır. Səhv etmirəmsə keçən ildən ABŞ-da insanları könüllü şəkildə “çipləyirdirlər”. İnsanların bədənlərinə çiplər yerləşdirərək onları idarə olunan hala gətirirlər. Bundan sonra o çipləmə hansısa formada məcburi olacaq. Məsələn, o çip bədənə qoyulmasa həyat sığortası etdirmək mümkün olmayacaq.

Supergüclərin bu virusdan marağı nə ola bilər sualının başlıca cavabı bu ola bilər: dünyanın sərvətlərinin yenidən bölüşdürülməsi. ABŞ burdan onsuz da yüksək olan payını daha da çoxaltmaq istəyir, Rusiya sovet dönəmindəki qüdrətinə qovuşmaq, Almaniya Avropanın sahibi olmaq, Çin isə dünyanı ABŞ-a buraxmamaq. Britaniya isə ABŞ-ın ortağıdır. Bunlar onsuz da hamının bildikləridir. Bu dövlətləri, xüsusilə də ABŞ-ı idarə edən güclərin iri korporasiya sahibləri olduğunu da hamı bilir…

Amma virus ortaya çıxanda heç də hamının yadına düşmədi bunlar. Çünki virus çox ağlabatan şəkildə, olduqca orqanik olaraq ortaya çıxdı.

Bəşəriyyət 2 dünya müharibəsini top-tüfənglə gördü. 3-cü düya müharibəsinin başlamasından isə bəşəriyyətin bir qismi xəbərdardır, bir qismi xəbərdar deyil, bir qismi bunu zarafata salır, digər qismi isə ümumiyyətlə 3-cü dünya müharibəsinin əslində elə 2-cidən dərhal sonra başladığını deyir.

Əslində hamı haqlıdır.

Amma bir gerçək də var ki, 3-cü dünya müharibəsi 2001-ci ildən (Əkiz Qüllələrin “vurulması” ilə) yeni fazasına keçdi. COVID19 isə onun kulminasiya nöqtəsi olacaq. Və bu kulminasiya nöqtəsi bir neçə il davam edəcək. Amma ən ağır dövr məhz yaşadığımız bu günlər olacaq çox yəqin ki…

Bəs bu, virusun nəticələri nə oldu və ya nə olacaq deyə bir siyahı ortaya qoysaq məncə daha lakonik və yorucu olmayan yanaşma olar:

  • Bu müharibə emal sənayesinə güvənərək dünyaya meydan oxuyan Çinə həddini göstərdi. Çin başa düşdü ki, güvəndiyi sənayeni də batırmaq çətin deyil. Eyni zamanda bütün dünya Çinin istənilən çətinliyin öhdəsindən gələ biləcək gücdə olduğuna da əmin oldu
  • Bütün dünyanın neft ölkələri artıq əmin oldular ki, Çin dayansa onlar neftdən çox pul qazana bilməyəcəklər.
  • Avropa Birliyinin boş birlik odluğu tam çılpaqlığı ilə sübutunu tapdı. Hələ Avropa Birliyi vahid valyutaya keçəndə Britaniyanın funtu saxlamaq istəməsi o dövrdə məni təəccübləndirmişdi. Tələbə olsam da elə fikirləşmişdim ki, Britaniya bu birlikdə casus rolundadır. Bunu universitetdəki bəzi müəllimlərimdən də soruşmuşdum. Cavab o olmuşdu ki, Britaniya hələ Avropa Birliyi formatına tam etibar etmir. Zamanla avroya keçəcək. O dövr üçün çox məntiqli cavab idi. Amma mən konspiroloji nəzəriyyələr qurmaq həvəskarı olduğumdan şübhəçi yanaşırdım. Britaniyanın Avropa Birliyini çox o yan bu yan eləsə, Avropan cəzalandırmaq üçün orda olduğunu düşünürdüm. Sonrakı illərdə bunu dəfələrlə iqtisadçı dostlarla da müzakirə etmişik. Və illər ötdükcə bu fikrin tərəfdarları artırdı. İllər keçdi, funtdan imitina olunmadı və Brexit məsələsi ortaya çıxanda Avropa Birliyinin dağılacağına artıq əmin idim. Brexit üçün fərqli səbəblər göstərilsə də, mənə görə əsas səbəb Almaniyanın Avropada getdikcə əsas söz sahibinə çevrilməsi idi. Nəhayət 1 fevral 2020-də Brexit tam olaraq baş verdi. Arxasınca isə koronavirus. Orda ilk koronavirus yoluxması da məhz bu ərəfələrə təsadüf etdi. 23 yanvarda Fransa, 26 yanvarda Almaniya və 29 yanvarda İtaliya. Düz 3 gün aralıqla… Bəs indi nə baş verəcək? Ara sakitləşən kimi İtaliya, onun arxasınca isə çox güman ki, İspaniya Avropa Birliyini tərk edəcək. Ya da nəsə buna bənzər hadisələr baş verəcək. Çünki bu ölkələr, xüsusilə də, İtaliya Avropa Birliyindən düz-əməlli yardım görmədi. Hansı ki, ona yardım lazım olanda digər birlik ölkələrində koronavirus yox dərəcəsində az yayılmışdı. Beləliklə, “virus” Avropaya münasibətdə ana məqsədinə çatdı – Avropa Birliyi zəiflədildi.
  • Bir çox şirkətlər iflas edəcək. Avropanın iri aviaşirkətləri başda olmaqla. Sonra da onları çox ucuz qiymətə ABŞ və Çin şirkətləri (bəlkə də Rusiya şirkətləri) alacaqlar.
  • İtaliya, İspaniya və Fransanın turzim cənnətləri COVID19 sayəsində artıq insanların xatirəsində ölüm bölgələri kimi qalacaq yaxın illər boyu. Ora turist axını əvvəlki qədər çox olmayacaq. Bəs o halda həmin şəhərlərin yerini hansı şəhərlər doldura bilər? Bunu indi təxmin edə bilmirəm, amma yaxın 1-2 ayda həmin şəhərlərin hansılar olacağını hamı təxmin edə biləcək. Hələlik tək versiyam hazırda Avropada virusa qarşı ən yaxşı performans göstərən Almaniyanın şəhərləridir. Özünü qoruya bilsə Türkiyə də namizəd ola bilərdi. Amma belə görünür ki, olmayacaq…
  • Hazırda bu virusa görə 3 milyard insan təcriddədir. İnsanlar evlərinə qapandı, özlərinə qapandı. TV və internet vazkeçilməz bir kommunikasiya vasitəsi oldu. İnsanlar sifarişlərini onlayn aldıqca, sosial şəbəklərlə yazışdıqca, işlərini videozənglərlə həll etdikcə birgə vaxt keçirəcəkləri əyləncə məkanlarına getmə alışqanlıqları azalacaq. Ofis icarələri əhəmiyyətini itirməyə başlayacaq və bu işdən pul qazanan şirkətlər getdikcə dəyər itirəcək. Onlar iflasın astanasında olanda iri pulların sahibləri ortaya çıxıb onları alacaq və bir başqa formada istifadə edəcəklər. Yeni insan tipi sürətlə formalaşacaq ki, onu da idarə etmək hətta bədəninə çip qoymasan belə daha rahat olacaq. Yeri gəlmişkən bu insan barədə ən maraqlı əsərlərdən biri, bəlkə də birincisi 2017-ci ildə yenə də Dan Brown tərəfindən yazılmış “Başlanğıc” (Origin) romanıdır.
  • Bütün bunların idarə edilməsinin əsası da internet üzərindən olacaq. İnternetin dünyadakı sahibi isə okeanın o tayındadır – ABŞ. Daha doğrusu ABŞ-a sahib olan qüvvələr.
  • Dinə yanaşma dəyişəcək. Din tarixən insanları idarəetmə vasitəsi olub. Bu gün də bu, belədir. Amma dinin bir önəmli özəlliyi də insanları bir-birinə yaxınlaşdırması, qardaşlaşdırmasıdır. Bu isə kollektiv ruhundan fərdiyyətçi ruhuna keçidin təbliğ olunduğu indiki dünyamızda bu keçidi istəyənləri heç razı salan bir məqam deyil. Ona görə də COVID19 infeksiyasının genişləndiyi yerlər də məhz dini məkanlar oldu. Bu da insanları qorxutmağa, digər insanlardan uzaq salmağa başlayır. Bundan sonra dünya insanı daha əvvəlki qədər bir-birinə yaxın ola bilməyəcək. Qorxacaq bundan!
  • Bəs fərdiyyətçiliyin bu qədər geniş yayılması niyə istənilir? Ona görə ki, insanları parçalayaraq rahat idarə etmək olar, ona görə ki, fərdlər ayrı olduqca hər şeydən hər kəsin ayrıca olmasına gərək duyacaq. Məsələn, ailədə 4 nəfər üzvün hər biri işləyir. Pis də qazanmır. Ailə komanda şəklində olarsa və bir nəfərin maşını olarsa, bu maşın bütün ailəyə yetər. Bir nəfər hamının dərdini o maşınla həll edər. Fərdiyyətçi sistemdə isə maşını olan şəxs digər ailə üzvlərinin işi üçün maşınını istifadə etməyə meylli deyil. Çünki daha fərdiyyətçi və daha eqoistdir. Ona görə də hamı maşın almaq istəyir. Eyni zamanda ailənin digər üzvləri də eqoistdir və hər şeyə özü sahiblənmək istəyir. Beləcə evdəki 4 adamın hər biri maşın alır. Yekunda hamı daha çox istehlak edir. Pulu çatmadığı üçün də daha çox kredit götürür. Nəticədə maşını satan, benzini satan, krediti verən udur. Ümumi dünya mənzərəsində isə bunların hamısının sahibləri eyni adamlardır.
  • Avropa Birliyinin fiaskosu (bu artıq baş verir, birlik ölkələri bir-birinə 20 ildir açıq olan sərhədləri bağlayır) qloballaşmanın avropasayağı formatını aradan qaldırır. Dünyadakı dövlətlərin çoxu içinə qapanacaq. Buna görə də, etnik məsələlər daha da qabaracaq. Amma dünya insanları bir-biri ilə virtual dünyada sıx əlaqədə olacaqlar. Yəni qloballaşmanın real qanadı qırılacaq, virtual qanadı güclənəcək. Bu gündən baxdıqda təzadlı bir vəziyyət olacaq…
  • Hökumətlərin tam elektronlaşması, məsafəli təhsil, e-commerce layihələrinin güclənməsi, kriptopulların yayılması (Libra da özünə yer tapacaq, yeniləri də çıxacaq) yeni dövrdə bizi gözləyir…
  • Yeni iqtisadi böhran gəlir. Bu böhran onsuz da gələcəkdi. Amma COVID19 sayəsində daha tez və daha fərqli formada gəlir. Bu, enerji böhranı kimi görünür, çünki daha çox neftin qiyməti bunu vəd edir. Amma əslində bu, dünyadakı dəyişim böhranıdır. İstehlak vərişlərinin və miqdarlarının dəyişməsindən yaranacaq bir böhrandır.

Bir sözlə, koronovirus elə-belə, koranə virus deyil.

Üçüncü dünya müharibəsinin ən həlledici mərhələsidir. Yeni dünya düzəninin yaradılması prosesinin son mərhələsinin başlanğıcıdır.

Yeni dünyanız mübarək!