Niyə 100 ilin forumu?
Cümhuriyyətin 100 illiyi ərəfəsində olduğu üçün. Tədbiri 100 ilin forumu adlandırmamın başqa bir səbəbi yoxdur.
Şərti olaraq 100 ilin forumu adlandırdığım Milli Marketinq Forumu 2018 olduqca fərqli idi. 6-cı Milli Marketinq Forumu olmasına baxmayaraq çox həyəcanlı görünürdü. Niyəsə mənə 2013-cü ildə ilk forumu edəndə keçirdiyimiz hissləri xatırlatdı.
Mənə elə gəlir ki, bunun səbəbi cümhuriyyətin 100-cü ildönümünə 3 gün qalmış başlayan forumun konsept olaraq cümhuriyyətə bağlanması, üstəlik, onun Üzeyir bəy Hacıbəyliyə bağlı bir məkanda, Bakı Musiqi Akademiyasında keçirilməsi idi.
Hansı ki, məhz Üzeyir bəyin qələmindən çıxan cümhuriyyət himnimiz hər dəfə çalınanda tüklərim biz-biz durur, himni ürəkdən və fərəhlə oxuyaraq hər dəfəsində özümün bu dünyada bir yerim olduğuna inanıram, əmin oluram. İnanıram ki, iştirakçıların çoxu eyni hissləri yaşayıb…
Nə isə… keçək forumun özünə.
100 ilin forumu: 1-ci gün
Məkan gözəl idi. Zalın strukturu və indiyədək forumların keçirildiyi bütün zallardan böyük olması, rahat kresloları təqdirəlayiq idi. Ümimiyyətlə, mən belə tədbirlər üçün teatral zallara üstünlük verirəm. Zamanında forumun kinoteatrdan teatra keçirilməsi təklifini bir neçə dəfə səsləndirsəm də, bu məsələyə bir neçə il sonra gəlinib çıxıldı. Sadaladığım bir sıra faktorlara görə məkan ən yaxşısı idi. Lakin havalandırma sistemi ya işləmirdi, ya da yaxşı işləmirdi. İnsanların çoxu özünü narahat hiss edirdi.
Foyedə keçid baxımından Pullman daha sistemli idi desəm səhv etmiş olmaram.
Zalın girişindəki avadanlığın daxil olan adamları sayaraq içəridəki monitorda zaldakı adam sayını göstərməsi və ən son girənlərin ad-soyad və şirkətlərini verməsi kimi statistikalar əla idi.
Forum Ramazana düşdüyündən yemək verilməməsi doğru addım idi. Çantalara qoyulmuş ayın-oyun da oruc tutmayanları “sakitləşdirmək” üçün yaxşı vasitə idi 🙂
Forumun başlama vaxtı saat 09:00 yazılmışdısa da hər kəsin gözləntisi saat 10:00 idi. Təcrübə göstərirdi ki, qeydiyyat və digər prosedurlar təxminən 1 saat çəkir. Əlbəttə ki, insanlarımızın toya getdikləri kimi foruma da yazılandan 1 saat sonra getmə adətləri də burda bir az rol oynayır.
Forum 11-ə qalmış başladı. Səbəbi bir az sonra mənə bəlli oldu. Bəlkə də belə deyildi, ancaq nədənsə mənə elə gəldi.
Səhnənin strukturu LED.AZ-ın neçə ildir adət etdiymiz konstruksiyalara ehtiyac qoymamışdı. Lakin böyük LED monitorların da yeri ayrıdır.
Aparıcı Aysel xanımın açılış sözünü İlkin Manafova verməsi ilə dedim hər şey bitdi. Bu qardaş yenə yarım saat danışacaq və heç kim ondan mikrofonu ala bilməyəcək. Ancaq İlkin bu dəfə xeyli lakonik çıxış etdi və sonluğu da elə gözəl bağladı ki, bir də gördüm ona əl çalıram.
Keçək panellərə…
PANEL 1: Bloqçuluq və Rəy liderliyi
Açığı bu paneldən gözləntim elə də böyük deyildi. Amma yeni simalar çox idi deyə maraqlı nələrəsə ümid edirdim. Səma xanım moderator kimi elə həvəslə başladı ki, dedim bu panel “sökdü”. Lakin səhnəyə cəmi 2 spikerin çıxması, Aynur Güzelin gecikdiyinin bildirilməsi, Murad Dadaşovun isə adının belə çəkilməməsi paneldə işlərin yaxşı getməyəcəyinə dair ilk siqnallar idi. Mən hətta düşündüm ki, Murad bəy bu dəfə foruma gəlməyə də bilər.
Həlimə Qəmərlinskaya ümumən maraqlı başladı. Ancaq onun Azərbaycanca fikirlərini yaxşı ifadə edə bilməməsi çıxışının kəsərini xeyli azaltdı. Onun çıxışında ən xoşuma gələn məqam “Homer”, “Sokrat”, “Paskal” söhbətləri oldu. Ancaq mahiyyətini dinlədikdən sonra gördüm ki, bunları sən demə realda qarşıq şəkildə tətbiq edirəmmiş 🙂
Daha sonra Aynur Güzel də gəlib çıxdı. Səma xanım sözü Günel Hümbətovaya verdi. Bu gözəl xanımın çıxışına 5 dəqiqə qulaq asdıqdan sonra axtarılan faydanın tapılmayacağına əmin oldum və qərara gəldim ki, ofisə gedib təcili işlərimi həll edim ki, 2-ci panelə çatım. Halbuki bunu 1-ci paneldən sonra edəcəkdim.
Ancaq çıxışını dinləmədiyim spikerlər haqqında Twitter-də yazılanları oxudum və belə qənaətə gəldim ki, dil problemi Aynur Güzeli çox çətinə salıb.
Murad Dadaşov da sonda gəlib çıxıb və zalı ələ alıb. Ancaq onun “Maşın Şou” ilə şirkətlərin uğurunu əlaqələndirməsi çoxlarının xoşuna gəlməyib. Fikir nə cür ifadə olunub bilmirəm, amma şirkətlərin uğurunun bir şouya bağlanması (əgər belə olubsa) elə mənim də xoşuma gəlməzdi.
Öz gördüklərim və sosial mediadan aldığım təəssürata görə bu panel forumun ən pis paneli olub.
Düşüncəm odur ki, bu panelin ən birinci salınması doğru addım deyildi.
Ümumiyyətlə isə, bu paneli ən azı 2020-ci ilədək forumun gündəliyindən çıxarmaq lazımdır. Heç də ona görə yox ki, bloqçuluq ölür. Xeyr! Sadəcə olaraq, Azərbaycanda bloqçuluq yeni keyfiyyət mərhələsinə keçid edir. Bloqqerlərimizin çoxu da bu keçiddə ilişib qalıb. Ona görə də performans göstərə bilmirlər. Əgər ən çox yazılı kontent formalaşdıran İlkin Manafov da video bloq formatına keçərək onu yazılı bloqla bir növ miks eləyibsə, deməli hansısa dəyişiklklər baş verir. Ona görə də, məsləhətdir ki, bu paneli ən azı MMF2019-da görməyək. Qoy bloqqerlərimiz özlərinə gəlsin, nə etdiklərini, nə deyə biləcəklərini tam yəqinləşdirsinlər, ondan sonra panelin bərpasından danışmaq olar.
Bir də düşünürəm ki, bu paneldə bloqqerlərlə yanaşı onların xidmətlərini istifadə edərək kommunikasiya quran şirkətlər və ya agentliklərin nümayəndələri məhz bu mövzuda danışsa çox effektiv olardı. Hətta bloqqer və şirkət (agentlik) eyni keys üzərində birlikdə duet təqdimatı edə bilsələr lap super alınar.
Paneldən sonra Xətai Əlinin auditoriyaya xoş gələn çıxışı baş tutub ki, bu çıxış da qaçırdıqlarım sırasındadır. Xətai həmişə maraqlı çıxış edir. Lakin insanların xeyli kəsimi onun geyim tərzindən narazılıq edirdi ki, bu məsələdə onlara da hardasa haqq vermək olar.
PANEL 2: Strategiya
Anar Bayramovun moderatoru olduğu panellər nə sirdirsə həmişə 3 ən yaxşı paneldən biri olur.
Bu dəfə günün ən yaxşı paneli oldu.
Əfsun Qurbanov öz çıxışı ilə 15 dəqiqə ərzində zalı əfsunladı. Firdovsi Xəlilovun mənim paylaşımıma yazdığı şərhdəki kimi snayper atışları etdi. Əhsən!
Renat Əzməmmədovdan bu çıxışı gözləmirdim. Ona görə yox ki, o zəif spikerdir. Ona görə ki, adam 3-cü dəfədir ki, forumda ya moderatordur, ya da spikerdir. Adətən belə hallarda danışılacaq çox şey qalmır. Ancaq Renat bəy möhtəşəm çıxış elədi. Uğrulu və uğursuz strategiyalara dair keysləri təqdirəlayiq nümunələr idi. Və Mado ilə (adını çəkməsə də, Mado olduğunu ham bilir) olan çay dueli kitablara yazılmalı keysdir.
Tural Həsənovun çıxışı da maraqlı idi. Belə gənc bir kadrın belə dolğun məlumatlar verməsi, öz çıxışından kənar məsələlərə dair sualları da həvəslə cavablandırması gələcək üçün ümid verici haldır.
Mutatis Mutandis
Seymur Quliyevin auditoriyaya yeni termin öyrətməsi əla hal idi. Çoxları sosial şəbəkədə bunu lağlağı obyektinə çevirsə də, yenilik həmişə yenilikdir. Elə lağlağı edənlər də çox güman ki, ilk dəfə eşitdikləri bu termini bir də eşidəndə Seymur bəyi xatırlayacaqlar 🙂
Seymur bəyin çıxışı 2 istiqamətdə idi:
- Lokal bizneslər plagiat etmədən yerli və xarici şirkətlərin ideyalarını necə özlərinə uyğunlaşdırıb uğur qazana bilərlər?
- Makromarketinqdə Mutatis Mutandis necə işləyə bilər
Gözəl çıxış idi. Ancaq mənə elə gəldi ki, Seymur bəy bir az tələsirdi və nələrisə demək istəsə də deyə bilmədi. Bəlkə də tələsdiyindən deməyi unutdu. Amma panelin məzmunu baxımından ən vacibini dedi: hope is not strategy!
Lakin onun çıxışı auditoriyanın böyük qisminə çatmadı. Bəlkə də olduqca akademik bir çıxış idi, ona görə. Seymur bəy, bir az xalq dilinə yaxınlaşın!
PANEL 3: MarCom
Teymur Məmmədovun moderatorluq etdiyi bu panelin bir az asta tempdə, lakin səliqəli keçəcəyi bəlli idi. Məncə elə də oldu. Ona görə məncə deyirəm ki, mən ilk 2 çıxışdan sonra getmək məcburiyyətində qaldım.
Rasim Davudovun yeni paltforma haqqındakı təqdimatı daha çox öz məhslunun reklamı olsa da faydalı idi. Ona görə ki, həmin platforma bir çox unikal imkanlar təklif edirdi və zaldakı xeyli adamın bu barədə məlumatı yox idi. Rasim bəy lakonik şəkildə bu məlumatı 10-12 dəqiqə içində verdi və digər spikerlərə zaman pası atdı.
Günel Fərzəliyevanın nə danışacağı və necə danışacağı mənim üçün çox maraqlı idi. Çünki heç vaxt heç yerdə çıxışını eşitməmişdim. Günel xanım çıxışına interaktiv başlamaqla auditoriyanı yaxşı ələ aldı. Daha sonra real keysi səliqəli şəkildə anlatmaqla BirBank məhsulunu bizə satdı (çox insanın beynində Top of Mind-a daxil elədi).
Bu çıxışdan sonra mənim getmə vaxtım idi. Çox təəssüf ki, həmkarım Ceyhun İmanovun keyslərini dinləyə bilmədim. Sosial mediada da rus dili məsələsindən savayı qarşıma elə bir informasiya çıxmadığı üçün bu barədə nəsə yazmaq imkanında deyiləm.
Heç vaxt dinləmədiyim, ümumiyyətlə heç şəxsən tanışlığım da olmayan Türkan Fərzəliyevanın çıxışı da mənim üçün maraqlı idi. Çünki AzGranata kimi brendin Marketinq Menecerinin deməyə sözü çox olmalıdır. Sosial mediadan aldığım insaytlara görə çıxış maraqlı olub. Hər halda forumun videolarını izlədikdən sonra bu barədə də fikir bildirmək imkanımız olacaq.
100 ilin forumu: 2-ci gün
Forumun 2-ci günü açılış çıxışını özəl qonaq qismində Fəxri Ağayev etdi. Hər zamankı kimi motivasiya yönümlü bir çıxış olsa da, menecment ağırlığı bu çıxışı Fəxri bəyin forumlar boyu etdiyi çıxışlardan məncə ən yaxşısı etdi. Çıxışın ən qızıl ifadəsi isə bu oldu: Peşəkarla əməkdaşlıq bahalıdır, lakin qeyri-peşəkarla əməkdaşlığın verdiyi zərərdən daha ucuzdur.
PANEL 4: Milli Keyslər
Hər zaman maraqlı olan bu paneldən gözləntilərimiz çox yüksək idi. İlk növbədə deyim ki, həddən çox danışmasına baxmayaraq İlkin Manafovun moderatorluğu uğurlu alınmışdı.
Gəmiqaya Holdinqin təmsilçisi Müşfiq Şeyxovun çıxışı “Badamlı” üzərindən qurulmuşdu. Olduqca informativ çıxış idi. Bu çıxış sayəsində hər kəs suya aid lazımı məlumatı ala bildi. Lakin bunu Google-dan da almaq mümkün idi. Faydalı çıxış olmasına rəğmən çıxışın marketinqlə əlaqəsi demək olar ki, yox idi. Ondansa “Badamlı”nın qazlı su seqmentində “Sirab”, qazsız su seqmentində isə “Slavyanka” və “Bonaqua” ilə apardığı rəqabətdən danışılsaydı çox unikal çıxış olardı.
100 ilin forumu zamanı “Ballı”nın rəhbəri Rəşad Rəşidovun çıxışında ən yaddaqalan fraza bu oldu: kiçik sərmayələrlə böyük işlər üçün çalışın.
Çıxış özü isə çox yavaş və yorucu tərzdə getdi. Ümumən səliqəli və maraqlı çıxış idi. Lakin auditoryanı ələ alan çıxış deyildi.
Üçüncü spiker kimi səhnəyə çıxan Elvin Dadaşsoy (Panda School) forumun tapıntılarından idi desəm, yanılmaram. Adam nisyə alınmış biznesi uğura aparmaq tarixçəsindən çox uğurla danışdı. Onun “öz biznesinizin nüsxələrini çıxarın” tezisi də olduqca maraqlı yanaşma olmaqla bərabər biznesdə sistemin əhəmiyyətini qabaradan məqam idi. Adamın öz təhsil brendini frençayzinqə açaraq uğur qazanmasının sirri də elə bundadır.
Fikrimcə Elvin Dadaşsoy səhv paneldə idi. Onun yeri əslində Strategiya paneli idi.
Panel daha çox Elvin bəyin hesabına yaddaqalan panel oldu.
Bu arada forumun hər bir panelinin qiymətləndirlməsini aparan Qmeter mənə qarşı “diskriminasiya siyasəti” yürütdü. Bunu onların nümayəndəsində sonradan dedim. Nömrəm bazada olmasına baxmayaraq forum boyu mənə SMS gəlmədi ki, panelləri qiymətləndirim. Mən də acığımı burda çıxıram 🙂
PANEL 5: Rəqəmsal Marketinq
Hər zaman atmacaları və təyin olunmuş zamanlamaya sədaqəti ilə seçilən Vahid Qasımov bu dəfə də panelin aparıcısı idi. Onun panelin başlanğıcında səsləndirdiyi fraza öz qeyri-adiliyi ilə yadda qaldı: Kresloları doldurmaq məqsədilə 4 spikeri dəvət edirəm! 🙂
İlk spiker Fil Agency-nin kreativ direktoru olan Hacıağa Əliyev idi. FİLoloq həmkarımız öz agentlklərini yazıçı Çingiz Abdullayevlə müqayisə etdi. İnsafən pis alınmadı. Qeyd etdi ki, agentlikləri təcrübəçi yetişdirməklə məşğuldur və bunu hamıya tövsiyə etdi. Lakin hiss olundu ki, gənc dostumuz reklam bazarını son 5 il səviyyəsində tanıyır. Bəs ondan öncəki 20 il? Əgər kopirayterlər, dizaynerlər universitetlərdə yetişmirdisə necə oldu ki, ölkədə bu qədər saya malik oldular? Çünki ölkədə bu işi görən agentliklər olub və var. Elə bizim YelloAd 7 ildir ki, yetişdirir. İçlərində çox istedadlıları da olub və bir qismi hazırda ən böyük agentliklərdə çalışırlar. Bu işi görən ən az 3-4 agentliyin adını çəkmək olar…
Ancaq istənilən halda öyrətməyə yönəlik çağırış təqdirəlayiqdir və dəstəkləyirəm.
Lakin bu mövzu Rəqəmsal Marketinq panelinin yox, İnsan Resursları Forumunun mövzusu idi. Özü də əməlli-başlı keys kimi…
Keçək digər spikerlərə
Havas Medianı təmsil edən Hüseyn Hüseynov doğru və maraqlı informasiyalar verdi. Lokal insaytlar, 200 manata SMM-in mümkünsüzlüyü fikri də çox yerində idi. Lakin danışdıqlarının çoxu son 2-3 il ərzində MMF-də danışılmış mövzular idi.
#gozleme həştəqi əsasında aparılmış kampaniyaya dair keys maraqlı olsa da, bu, bir az təkrar oldu. Çünki bu barədə forumun 1-ci günü KapitalBank təmsilçisi Günel Fərzəliyeva yetərincə dolğun məlumat vermişdi.
Bir də Hüseyn bəyi bəhanə edib forumun bütün indiki və gələcək spikerlərinə tövsiyəm var: çıxışlarınızı hazırlayarkən MMF-in əvvəlki illərdəki videolarına baxın ki, təkara yol verməyəsiniz.
Orxan Rzayevin (Mediamark) çıxışı panelin ən yaxşı çıxışı idi. İlk növbədə ona görə ki, o, heç kimi təkrarlamadı. Səlis və gözəl çıxışını sosial media platformalarını blokçeynlə əlaqələndirərək gözəl tamamladı.
Nigar Səlimova (Mediaforce/Mindshare) forumda ilk dəfə idi ki, çıxış edirdi. Ondan çox şey gözlənilirdi. Çünki əlində kifayət qədər ciddi data olan qlobal agentlik təmsilçisi idi. Lakin onun çıxışı da Google-dan tapa biləcəyimiz datalar əsasında qurulmuşdu və təəssüf ki, Nigar xanım 100 ilin forumu üçün yeni heç nə danışmadı.
MMF-in tarixi boyu Rəqəmsal Marketinq paneli həmişə ən yaxşılardan olub. Lakin bu il Rəqəmsal Marketinq paneli bütün MMF tarixi boyu ən sönük Rəqəmsal Marketinq paneli oldu.
Buna baxmayaraq burda 2 maraqlı nünası da qeyd etmək lazımdır:
- Sual-cavab panelin özündən çox daha maraqlı oldu
- Demək olar ki, bütün spikerlər 200 manatlıq SMM-dən şikayət etdilər. Deməli, bu 200 manatlıq SMM məsələsinə ciddi şəkildə son qoyulmalıdır.
PANEL 6: FMCG
Rafiq Hunaltayın moderatoru olduğu bu panel də olduqca maraqlı keçdi.
Lakin paneldən öncə Rafiq bəyin MMF tarixinə etdiyi səyahət adamda nostalgiya hissi yaratdı. İlk forumun konseptini yaradan agentlik olaraq YelloAD-ın tarixə düşməsi qürurvericidir.
Bu səyahət MMF2013-ün başa gəlməsi üçün nə qədər əziyyət çəkildiyini gözümüzün önünə gətirdi. İlk forumun yaradılmasında rolu və əziyyəti olan insanlardan biri kimi bu işin nə qədər zaman və əmək tələb etdiyini yaxşı bilirəm. Mən bunu 2013-də yaşamışam. Ancaq bu insanlar 6 ildir eyni əziyyəti çəkirlər. Bunu qiymətləndirmək lazımdır. Hansısa nöqsanları sosial şəbəkədə qabardaraq sevinmək yox. Tənqidə gəldikdə isə, forumu və spikerləri ən çox tənqid edənlərdən biri də mənəm. Ancaq maksimum obyektiv olmağa çalışıram. Çünki obyektiv tənqid inkişafa aparır. Ona görə də məndən heç kim inciməsin. İnciyənlər də bir müddət sonra barışacaq 🙂
Keçək panelə…
İlk spiker P&G təmsilçisi Əliyer Hüseynov idi. Onun Gillette keysi və bu keysin məhz Azərbaycandan sonra başqa ölkələrdə tətbiqi barədə verdiyi informasiya çoxlarına məlum deyildi. Spikerin yerli agentliklərə güvənməklə bağlı verdiyi mesajlar da yerində idi. Çıxış çox dəqiq, sadə və baxımlı hazırlanmışdı. Mən də fürsətdən istifadə edib yerli şirkətlərə səslənirəm: Öz layihələrinizi yerli agentliklərə etibar edin, onlara güvənin. Lakin agentliklərə! Özünə agentlik deyib iş bacarmayanlara yox. Bu halda Azərbaycan qazanacaq.
AzerSun-un ağır toplarından olan Ellada Əliyeva 15 dəqiqə içərisində auditoriyaya çox ciddi informasiya axını ötürdü. Amma nəzərə almadı ki, yorğun auditoriya bunu qəbul edə biməyəcək. Həm də, gətirilmiş faydalı misallar çox ümumi idi və real keyslərə söykənmirdi. Buna görə də çox adama maraqlı olmadı. Ellada xanım FMCG sektorunda AzerSun adına gördüyü nəhəng layihələrdən biri barədə danışsaydı çox daha maraqlı olardı…
Gilan FMCG-nin təmsilçisi, Ülker brendi adından danışan Rüfət Hüseynovun çıxışında ən yaddaqalan məqam “Bir qalanın sirri” filmindəki Elşənin kəməri (brend) belinə taxa bilməsi üçün lazım olan kitabları (distribüsiya) oxumalı olduğu fikri oldu. Daha çox teorik olan bu çıxış daha çox Procterlə müqayisə prizmasından yadda qaldı.
Ümumiyyətlə panel forumun 2-ci ən yaxşı paneli oldu.
Strategiya paneli isə birmənalı olaraq forumun ən yaxşı paneli idi…