Və ya Avropanın Oyunları bizə nə verə bilər?
Həəə…
Avropanın oyunlarının açılışı oldu. Onsuz da hamı bundan yazır.
Amma yazılmayanları demək istəyirəm. Ən azından mənim sosial şəbəkədə rast gəlmədiklərimi…
Hanı boykot olmuşdu?! Avropanın Çexiyadan başqa bütün ölkələri var idi. Hətta San Marino, Monako, Lixtenşteyn, Andorra. Keşişlər üçün olsaydı Vatikan da bəlkə gələrdi. Başa düşürəm, 8 milyard az pul deyil. Amma Avropa boykot edir kimi şayiələr də BOŞ çıxdı. Ona görə də əmin olmadığımız şeyləri deməsək yaxşıdır. Hətta bu boykota aid xırda əlamət belə yox idi. Oturub heyətlərin tərkibini izləmişəm. Britaniya, Fransa, İtaliya, Niderland, Almaniya hamısı 150-dən artıq idmançıyla təmsil olunub.
Gələn prezidentlərin sayı gözlədiyimdən çox idi. Düzdür Rusiya və Türkiyə xaric dişə vurulası ölkə yox idi. Onların da səviyyəsi göz önündə. Amma hər halda gələnlər az deyildi. Əlbəttə Merkeli də orda görmək istərdim. Amma AZTV o qədər söyəndən sonra adam bura gələrmi?
Deyirlər ki, biz bunu bacardıq! Yox, biz hələ bacarmadıq. Biz qəşəng şəkildə bacartdırdıq. Hələ ki, təkcə bunu yaxşı edə bilirik. İşin üzərində duran o ingilislə, o yunan rəssama da halal olsun, ağıl edib onları bura gətirənlərə də, onlara ölkə haqqında doğru məsləhət verənlərə də… İnşaallah bir gün hər şeyi özümüz də bacararıq!
Nizaminin xatırlanması İrana, Nar və Sarı Gəlin Ermənistana göstərmə idi. Gün o gün olsun hərbi gücü də göstərə bilək. Ermənilərin fitə basılmaması və onlar gələndə Azərbaycanın adının çəkilməsi gözəl etiraz idi.
Alim Qasımov. Ən son ifası və xalça üzərində uçmasından başqa heç nəyini bəyənmədim. Hələ ən başlangıcda lap kor dilənçi ampluasında idi. Ümumiyyətlə sənətinə çox hörmət etdiyim bu adamın son dövrlərdə “şaxsey-vaxsey” temasına əməlli-başlı girişməsi heç ləzzət eləmir. Biz torpağı işğal olunmuş bir xalqıq. Bizə kişi mahnıları lazımdır. Hayqırmaq lazımdır!
Allah rəhmət eləsin Üzeyir bəyə. Onun “Cəngi”si, “Koroğlu uvertürası” səsləndikcə türk olduğumuz yadıma düşürdü…
Nizaminin canlandırılması, Leyli və Məcnunun tərəzidə verilməsiylə qadın-kişi bərabərliyinin vurğulanması ləzzət elədi. Klara Setkin, “dovay, do svidaniya!” Ancaq “Nizami” mövzusunu çox uzun çəkməsi ürəyimizi üzdü.
Natiq və onun ritm qrupu, “Afərin! Sükanı belə saxla!”
Novruz, 4 ünsür, Qobustan və sonda alovun fərqli formada yüksəldilməsi. “Alev topu” yəni. Cem Yılmazın məşhur “Gora” filmini xatırladım…
Alov Adam obrazı. Hələ 2012-ci ildə Avropa Oyunları söhbəti ortaya çıxanda Yello-nun yaradıcı komandası “alov adam” ideyasını ortaya atmış, hətta bəzi eskizlər də cızmışdıq. Sonra bu proyektə qatılmaqdan vaz keçdik. Amma başqa formatda da olsa bunun reallaşması ləzzət elədi.
Uçan nar dənələri də gözəl idi. Xalça-bayraq keçidi də. Bu dəqiqə yadıma düşməyən çox şeylər də…
Ledi Gaga. O qaqanın ifası gözəl idi. Beatles-in mahnıları ölməzdir. Razıyam. Amma daha emosiyalı bir şey ola bilərdi.
Açılış ümumən gözləntilərimin üstündə idi. Möhtəşəm idi. Qapanış da yəqin ki, möhtəşəm olacaq.
Görək idmançılarımız nə göstərəcək. Bu oyunlardan ən böyük gözləntim: Azərbaycanın Rusiyadan daha da uzaqlaşması. Putinin bu gün burda olması da nəyisə dəyişməyəcək.
Nələr pis oldu? Bugünə qədər olan bir çox şey. Çox danışıblar bu barədə. Təkrarlamağa dəyməz…