“Özümdən deyim” ifadəsi Sizə qəribə gəlməsin…
Yox! Yekəxana adam deyiləm!
Lovğalıqla da qəti aram yoxdur! Deyilənə görə pis oğlan da deyiləm. 🙂
Bu bölməni yazmaqda məqsəd burda özüm haqqımda informasiya verməkdir.
Beləliklə, sözün yaxşı mənasında bir az özümdən deyim…
1980-ci ildə anadan olmuşam.
2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetindən marketinq ixtisası üzrə məzun olmuşam.
2003-cü ildə yenə eyni universitetdə, eyni ixtisasdan magistr dərəcəsi almışam.
2004-cü ildə, hərbi xidmətdən qayıtdıqdan sonra, Nurgün Şirkətlər Qrupunun Qida Departamentində merçendayzer kimi fəaliyyətə başlamışam. Həmin müddət ərzində şirkətdaxili analoji təlimlərdə də iştirak etmişəm.
2005-ci ilin yanvarından satış meneceri vəzifəsinə keçirilmişəm.
2005-ci ilin noyabrında karyeramda radikal dəyişiklik edərək reklam sektoruna keçmişəm. Hələ o zaman yenicə yaranmış olan “Vitam” Reklam Agentliyində reklamyazan (kopirayter) vəzifəsi üzrə fəaliyyətə başlamışam. Orda işlədiyim 3 il ərzində Yeni Manatın Təqdimatı mərasimi də daxil olmaqla bir çox önəmli layihələrdə rol almışam. Teymur Məmmədovla birlikdə 3 il ərzində 100-ə yaxın film ssenarisi yazmışam ki, onların da 20-yə yaxını reallaşıb.
2008-ci ilin mayından fəaliyyətimi “Maxmedia” Reklam Agentliyində davam edirmişəm. Bu agentlik mənə BP, HP, Imperial Tobacco, UNICEF, Mercedes Benz, McDonalds, Heinz, Perfetti kimi böyük dünya brendləri, Azercell, Bakcell, Nar Mobile kimi ölkə nəhəngləri üçün işlər görmək imkanı yaratdı. Bu işlər sayəsində qısa müddət sonra “özümdən deyim” ifadəsini dilimə gətirə və nə qədər təvazökarlıqdan uzaq olsa da, özümdən deyə bildim 🙂
2010-cu ildə Maxmedia-nın xətti ilə “European School of Economics”-in İstanbuldakı “AD PLANET Reklamçılıq Sertifikat Proqramı”nı uğurla başa vuraraq “International Marketing Certificate”-ə layiq görülmüşəm.
Nəhayət, 2011-ci ilin mayında Azər Nəcəfovla birgə “Yello Advertising“-i yaratdım və 2011-ci ilin noyabrında Maxmedia-dan ayrıldım. Elə o vaxtdan da Yello-nun həm həmtəsisçisi, həm direktor müavini, həm də Baş Reklamyazanıyam. Yello-dakı fəaliyyətimdən, agentliyimizin uğurlarından çox yazmayacağam. Düşünürəm ki, bu barədə çox adam çox şeyi bilir…
Eyni zamanda Marketinq Azərbaycan qrupunun idarəedicilərindən və Milli Marketinq Forumunun yaradıcılarından biriyəm.
Paralel olaraq 2015-ci ilin sentyabrından etibarən Azərbaycan Dövlət İqtisad Universitetində marketinq fənnini tədris edirəm.
Bloqqerliyə 3 ildir ki, başlamaq istəyirdim. Nəhayət bunu 2015-ci ilin mayında reallaşdıra bildim.
2 ildir ki, kitab yazmaq barədə fikirləşirəm. Onu da bu gedişlə elə 1-2 il sonraya yazacağam 🙂