November 28, 2024
9-cu-yazi-Product-placement-erasi-teleseriallarda-cover

Product Placement erası: teleseriallarda

Teleseriallardakı aşkar və gizli Product Placement

Daha əvvəl musiqi kliplərindəfilmlərdə Product Placement barədə danışmışdıq.

Product Placementdən danışarkən teleserialları unutmaq olmaz. Hazırda Product Placementin açıq və ya gizli formada at oynatdığı sektorlardan biri də teleseriallardır.

Teleseriallarda Product Placementə nümunə olaraq istər Rusiyada, istər ABŞ-da, istərsə də Latın Amerikası ölkələrində istehsal olunan teleseriallardan gen-bol misallar gətirmək olar. Lakin biz ölkəmizdə ən çox izlənən türk teleseriallarından nümunələr gətirəcəyik. Çünki bunlara demək olar ki, hamı baxıb və ya baxır.

Öncə Aşkar Product PlacementGizli Product Placement arasındakı önəmli bir fərqi nəzərinizə çatdırmaq istərdim. Aşkar Product Placement heç də “şiti çıxarılmış” Product Placement demək deyil. Aşkar Product Placement brendin loqosunun (adının, etiketinin, qablaşdırmasının və s.) aydın şəkildə göründüyü və ya deyildiyi (mətn arasında) Product Placementdir.

Gizli Product Placementdə isə məhsulun reklam olunduğunu hiss etmək olduqca çətindir. Bu, daha çox məkanların Product Placementində uğurla tətbiq olunur.

Son illərin ən uğurlu Product Placement layihələrindən biri “Medcezir” teleserialıdır. Bu serial reytinq rekordları ilə bərabər Product Placement rekordları da qırdı desək, yanılmarıq.

Belə ki, burda bir sıra Aşkar Product Placement nümunələri ilə yanaşı bəzi Gizli Product Placement nümunələri də var idi.

Teleserialda Samsung Galaxy-nin və Galaxy Gear qol saatının reklamı əla şəkildə qurulmuşdu. Bütün aktyorlar dünyada sanki başqa telefon yoxmuş kimi yalnızca Samsung Galaxy istifadə edirdilər. Həm də, şitini çıxarmadan…

 

Galaxy Gear-ın tanıdılması isə daha uğurlu idi. Əsərin qəhrəmanlarından biri olan Mert öz sevgilisini ağıllı Galaxy Gear saatı ilə təəccübləndirməyi bacarır və bundan çox sevinir. Sevgilisi də həmin saatdan əldə edir (yadımda deyil, bəlkə də Mert hədiyyə edir). Yəni, burda nəinki məhsul tanıdılır, həm də, AIDA (Attention, Interest, Desire, Action) modeli də tam şəkildə işləyir.

Bundan başqa ekran əsərində Gizli Product Placement nümunələri də var idi. İlk növbədə bu geyim markalarına aiddir. Belə ki, filmin qəhrəmanlarını geyindirən müxtəlif firmalar hər yeni bölümdən dərhal sonra internetdə “hay-həşir” salırdırlar ki, bəs Miranın jaketi bizdən, Yamanın gödəkçəsi bizdən, Eylülün şlyapası bizdən və s. Mən bu serialı “fashion show” adlandırardım. Çünki hər bölümdən sonra həm dəstəkçi markalar, həm də eksklüziv geyimləri dizayn edən moda evləri (məsələn, Özlem Kaya Tasarım Ofisi kimi) güclü “sifariş partlaması” yaşayırdılar. Bunu əsərin məzmunu ilə də əlaqələndirib baş qəhrəman Miranın “Miraya” adlı atelyesində sifarişlərin artması şəklində də gözə batırır, Miranın eskizləri ilə əslində yeni modelləri beyinlərə yeridirlər. Və cəmiyyət də bu mesajı alır və məhsullar da satışa çıxarılır.

Bu serialda Max&Co, Topshop, Mavi Jeans, Network, Levi’s, İpekyol, Zara, Bendis, Scotch & Soda, Berenice, Tommy Hilfiger kimi geyim və aksessuar markalarının məhsullarından gen-bol istifadə olunub.

Burda daha maraqlı Gizli Product Placement nümunəsi isə məkanlarla bağlıdır. Məsələn, əsərin baş qəhrəmanlarının yaşadıqları villa İstanbulun çox kənar bölgələrindən olan Tuzlada yerləşir. Qonşu olan bu villalar əslində eyni bir villa kompleksinə daxildir. Həmin bölgədə ən yaxşı villaların dəyəri 3 milyon dollara qədərdir. Lakin Medcezir-in bu məşhur villalarının dəyəri bu serial məşhurlaşdıqdan sonra 6.5 milyon dollar idi. Çünki bu evlər filmin gedişində ən müxtəlif detallarla insanlara lüks yerlər və xoşbəxt həyat məkanı kimi təqdim olunurdu.

Bu teleserialdan daha çox nümunələr gətirmək olar. Lakin başqa, xaraktercə tamamilə fərqli olan digər məşhur teleseriala keçmək istərdim: “Kurtlar Vadisi Pusu”

Bundan öncə isə daha bir Gizli Product Placement nümunəsi barədə danışmamaq günah olardı. “Möhtəşəm Yüzil” serialı bildiyimiz kimi Topqapı Sarayının maketinin pavilyon şəklində qurulması ilə çəkilib. Bu serial məşhurlaşdıqdan sonra istər Türkiyə daxilində, istərsə də, xaricində Topqapı sarayına axın edənlərin sayı ciddi şəkildə artmışdı.

Axın kimlərin hesabına artmışdı:

  • Türkiyənin əsasən əyalətlərdə yaşayan əhalisinin
  • Ticari turizm məqsədilə İstanbula gəlib Aksaray, Laleli və Mahmutpaşadan başqa yer tanımayanlar öz “menyu”larına artıq Topqapını da salmışdılar
  • Sarayın adını eşidən, lakin onun gözəlliyindən xəbərsiz olan xaricilərin və s.

“Kurtlar Vadisi Pusu” türk serial sənayesində inqilabi ilklərə imza atan bir əsərdir. Məhz bu əsərin sayəsində Türk serial sənayesi inkişaf etdi. Azərbaycan efir məkanı da Latın Amerikası seriallarından qurtuldu və türk seriallarının “işğal”ına məruz qaldı. Onu da qeyd edək ki, ölkəmizdə bu sənayenin inkişafına təkan verən də məhz Türkiyənin analoji industriyası olmuşdur.

Bu əsər ilk növbədə avtomobillərin Product Placementi ilə fərqləndi. Belə ki, baş qəhrəman Polat Alemdarın avtomobilləri BMW X5, Range Rover, Cadillac və ya Porsche avtomobilləri idi və hər biri də 34 PLT … seriyası ilə başlayırdı. Yəni, avtomobillər baş qəhrəmanla assosiasiya olunurdu.

Əsərdə konkret səhnələrdə Mercedes, Nissan, Fiat, Tofaş kimi markaların da Product Placementinə rast gələ bilərik.

Bu teleserialın ən xoşuma gələn Product Placement işi kitablarla bağlı idi. Belə ki, əsasən baş qəhrəmanın, bəzi hallarda isə digər qəhrəman və anti-qəhrəmanların oxuduqları kitablar bestsellerə çevrilirdi.

Məsələn, şəxsən mən özüm bu Product Placementin təsirilə kitab almışam. Polat Alemdarın oxuduğu “Bozkırın Sırrı” adlı kitab (indi heç baxmasam da, o vaxtlar bu seriala çox maraqla baxırdım) məndə ciddi maraq yaratdı. Həmin ərəfədə İstanbula yolum düşdü və kitabı aldım. Satıcıdan kitab haqda soruşanda bildirdi ki, istək lap çoxdur. Bəzən qarşılaya bilmirik.

Bu, maarifçilik baxımından doğru addım idi. Nəyin maarifçiliyi sualı isə hər zamankı kimi açıq qalır…

Bu mövzuda çox yazmaq, çox nümunə göstərmək olar. Çox uzadıb zəhlənizi də tökmək istəmirəm.

Sual oluna bilər ki, niyə bizim seriallardakı Product Placementdən heç nə yazmadım. Olmayan şeyin nəyini yazım axı?! Yazsam da gərək pis tərəflərini yazım. Buna da ki, gərək yoxdur. Biz tənqidədözümlü millət deyilik 🙂

Növbəti yazıda ən maraqlı hesab etdiyim Product Placement mövzusundan, kitablarda Product Placementdən danışacağıq.